r

Kollegiya: Vəkil adından qanunsuz istifadə edirlər

Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Oxu.Az xəbər verir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinə bu kimi hallarla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına mane törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu günlərdə vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını həyata keçirib.

Belə ki, artıq “vəkil”, “advokat”, “advocate”, “адвокат”, “hüquq məsləhətxanası”, “Azərbaycan Vəkillər Kollegiyası”, “Azerbaijan Bar Association”, “Коллегия Адвокатов Азербайджанской Республики” adları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adına qeydiyyatdan keçirilib.

Artıq vəkil olmayan şəxslərin qeyd olunan ifadələrdən istifadəsi qanunla cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb olacaq. Belə ki, Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399 və 412-ci maddələri vəkil adından və əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, 1 aprel 2018-ci il tarixindən etibarən adıçəkilən ifadələrdən qanunsuz istifadə hallarının araşdırılması, o cümlədən belə hallar aşkarlandığı təqdirdə, qanunla müəyyən olunmuş qaydada bütün zəruri tədbirlərin görülməsinə başlayacaq.